Zabit Səmədov: “İdmana gəlişimdə Van Dammın rolu oldu” – MÜSAHİBƏ – FOTOLAR

Zabit Səmədov: “İdmana gəlişimdə Van Dammın rolu oldu” – MÜSAHİBƏ – FOTOLAR


admin
“İdmana gəlişimdə Van Dammın filmlərinin rolu böyük oldu”

“Sosial şəbəkələrə reklam vasitəsi kimi yanaşmıram”

K-1 qaydasız döyüş növü üzrə dəfələrlə dünyaçempionu olmuş “Mauqli” ləqəbli idmançı Zabit Səmədovun Ailem.az–a müsahibəsi

– “Mauqli” ləqəbinizin tarixçəsi necədir? Bu, hər hansı bir döyüşdən sonra verilib, yoxsa?


– Peşəkar karyeraya başlayanda mətbuat adətən idmançılara müxtəlif ləqəblər verir. Belarusda çıxış etdiyim zaman yerli mətbuat çox vaxt “Mauqli Zabit” yazırdı. Şəxsi məşqçim də çox vaxt bu addan danışırdı. “Mauqli” deməklə onlar cəldliyimi və sürətimi nəzərdə tuturdular. Sonralar hər zaman “Mauqli Zabit Səmədov” yazıldı və mən bunu normal qarşılayıram.

– Əslində siz qapalı insan kimi görünürsünüz. Amma sizinlə ünsiyyətdə olanlar səmimi olduğunuzu deyirlər. Niyə belədir?

– Hər zaman səmimi olmağa çalışıram. Ola bilər, kənardan qapalı insan təsiri bağışlayıram. Hər bir insan kimi, mənim də yaxın dostlarım var. Məni tanıyanlar səmimi olduğumu bilir. Sadəcə, kənardan fərqli görünür. Bəlkə idmançı olduğuma görə kənardan fərqli görünür.

– Zabit Səmədovun həyatı ancaq rinqlərdən ibarətdir, yoxsa dost-tanışa vaxt ayıra bilir?

– Bu suala dostlarım daha dəqiq cavab verər. Əlbəttə, idman həyatımın ayrılmaz hissəsidir. Çox vaxt təlim-məşqlərdə, yarışlarda oluram. Yaxınlarıma çox vaxt ayıra bilmirəm. Lakin imkan düşən kimi ailəmə vaxt ayırıram, dostlarla görüşüb söhbət edirik. Azərbaycanda və Belarusda yaxşı dostlarım çoxdur. Hər turnirdə mənə görə çox həyəcan keçirir, hər zaman məni dəstəkləyirlər. Dostluqda necə olduğumu onlar söyləyə bilər. Dost qədrini bilirəm, özüm də yaxşı dost olmağa çalışıram.

– Hansı musiqiləri sevirsiniz?

– Məşq zamanı zalda musiqi olur. Ümumiyyətlə, musiqi həyatımızın vacib hissəsidir. Onu dinləyə-dinləyə məşq etmək rahat olur. Qulaqlıqdan çox istifadə etmirəm, amma zalda musiqi olur. Müxtəlif musiqilər dinləyirəm – bəzən pop musiqi, bəzən caz və ya klassik. Ritmik musiqiləri daha çox sevirəm.

– Zabit vaxtilə özünə kimi kumir seçib?

– Uşaq yaşlarımda döyüş filmlərinə çox baxmışam. O vaxtlar hamımız məşhur Jan Klod Van Damma bənzəmək istəyirdik. Əlbəttə, idmana gəlişimdə Van Dammın filmlərinin rolu böyük oldu. Sonradan isə çalışdım öz sahəmdə ən yaxşı olum. Özünə kumir seçmək həyatda normaldır



– İlk qələbənizi necə xatırlayırsınız?

– Karyeramın əvvəlində Rusiyada baş tutan peşəkar kikboksinq turnirlərində iştirak etmişəm. O turnirlərdə qələbə qazanmaqla çox şey öyrənmişəm. İlk qələbələr hər zaman vacib olur. Daha böyük turnirlərdə çıxış etməyi arzulamışam. İstəmişəm ki, nüfuzlu turnirlərdən dəvət alım. Həmin istək Zabiti daha çox çalışmağa məcbur etdi. Şükürlər olsun ki, arzuladığım və kənardan baxdığım turnirlərin sonradan əsas iştirakçısına çevrildim.

– Döyüşdən əvvəl üzünüzdə qəribə zəhm olur. Bu, rəqibə təzyiq üçün lazımdır?

– Döyüşdən əvvəl mən rəqib barədə düşünürəm. Rinqə daxil olanda necə mübarizə aparacağımı fikirləşirəm. Bilirəm ki, çətin mübarizə olacaq. Bəlkə bununla bağlı üzümdə zəhm olur. Məsuliyyətim böyükdür. Azərbaycanı təmsil edirəm və istəyirəm ki, hər görüşdə qələbə qazanım. Rəqibə təzyiqə gəldikdə, bəzən ciddi baxışlar idmançıya təsir edir. Bu, döyüşdən əvvəl psixoloji mübarizə deməkdir.

– Uğurun düsturu nədir sizin üçün?

– Uğurun düsturu asandır. Gərgin məşqlər, idman rejiminə riayət etmək və qələbə əzmi ilə yaşamaq. İdmançı kimi çox şeyi qurban verməli oluruq. Çünki bir qələbə üçün həftələrlə məşqlər olur. İdman rejiminə riayət etmək çox vacibdir



– Zabit üçün sadəlik anlayışı nə deməkdir?

– Heç vaxt “ulduz xəstəliyinə” tutulmamışam. Hər zaman çalışmışam hamıya vaxt ayırım. Bəzən olur, küçədə yaxınlaşıb şəkil çəkdirir, avtoqraf istəyirlər. Hamıya böyük məmnuniyyətlə vaxt ayırıram. Çünki o insan məni sevərək yaxınlaşır. Onun qəlbini qıra bilmərəm. Sadəlik insanın yaxınlarına və doğmalarına, ətrafdakılara qarşı heç vaxt dəyişməməsi, lazım olanda kömək əlini uzatmasıdır.

– Hansı çətin görüşləriniz heç vaxt yaddan çıxmayacaq?

– Karyeramda yaddaqalan qələbələrim çox olub. Fikrimcə, onlar arasında Badr Hari üzərində qələbə xüsusilə yadda qalandır. Badr Hari dünyanın məşhur döyüşçülərindən sayılır. İki dəfə ona məğlub olmuşdum. Üçüncü dəfə qələbə qazanacağına inanırdı. Çox səylə hazırlaşırdım. Bu görüş həyatımın ən vacib döyüşlərindən biri idi. Məğlubiyyət barədə düşünmürdüm. Badr Hari üzərində qələbə karyeramda özünəməxsus yer tutur



– Adətən, məşhur adamların şəxsi həyatı insanlar üçün maraqlı olur. Zabit Səmədov ailədə, cəmiyyətdə necədir?

– Ailədə ata, ailə başçısıyam. Ailəmi çox istəyirəm. Hər zaman çalışıram yaxınlarım xoşbəxt olsun. Evdə ciddiyəm, bəzən zarafat da edirəm.

– Sizi sevənlər arasında xanımlar varmı?

– Pərəstişkarlarım arasında xanımlar var. Bunu normal qəbul edirəm. Xanımlardan çoxlu məktub, mesajlar alıram. Onlar idmançı Zabitə pərəstiş edir, ona dəstək olur. Dünyada döyüş növləri ilə maraqlanan xanımlar çoxdur. Ona görə xanımların yarışlarıma baxması məni təəccübləndirmir.



– Sosial şəbəkədə aktivliyinizi necə qiymətləndirirsiniz?

– Hazırda sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu mənada sosial şəbəkədən istifadə etmək normaldır. Çalışıram onlara çox vaxt ayırmayım. “Facebook”da rəsmi səhifəmdə köməkçilərim çalışır. Özüm sosial şəbəkələrə reklam vasitəsi kimi yanaşmıram. Səhifəmdə olan dostlar, Zabitlə maraqlanan insanlar orada yeni dostlar tapır, karyeramla bağlı fikirlərini bildirirlər. Hər görüşdən sonra çoxlu təbrik və müxtəlif fikirləri oxumaq maraqlıdır.

– Həyatda mənəvi zərbə almısınızmı?

– Hər bir insan kimi mənim də mənəvi zərbə aldığım vaxtlar olub. Amma şəxsi həyatımı mətbuatda müzakirə etməyi sevmirəm. Ona görə bu barədə danışmaq istəməzdim.

– Oxuculara sözünüz varmı?

– Mənə dəstək olduqları üçün hamıya təşəkkür edirəm. Harada mübarizə aparmağımdan asılı olmayaraq, sizin dəstəyinizi hiss edirəm. Hər qələbəmdə payınız var. Bilirəm ki, istəyirsiniz, hər zaman qalib gəlim. Mən də çalışıram ki, ümidləri doğruldum. Hamıya sonsuz təşəkkürlər!



view 11430
Facebook'da Paylaş
Tweeter'da Paylaş

Növbəti : Qıza köməyə gedən ürəyi böyük balaca idmançı

Şərhlər



İlk şərh edən sen ol