Edilən Məşqin Nəticə Verməməsinin 9 Səbəbi

Edilən Məşqin Nəticə Verməməsinin 9 Səbəbi


admin
Kimdən soruşsan hər kəs hər şeyi düzgün etdiyini deyir. Məşq proqramı düzgündü, qidalanma yüksək səviyyədədi, yuxu rejiminə söz ola bilməz. Yaxşı bəs hər şey bu qədər düzgündüsə onda niyə artım getmir? Burdan belə bir nəticəyə gəlmək olar heç də hər şey düzgün deyil. Ola bilər ki, çox şeyi düzgün edirsiniz ancaq bununla birgə çox şeyləri də yanlış edirsiniz.

Əgər məşqlər nəticəsində inkişaf getmirsə və ya çox cüzi inkişaf gedirsə onda aşağıdakı 9 səbəbə göz atın:

1- Sizin Dəqiq Hədəfiniz Yoxdur

Nəticə əldə etmək üçün sizin konkret məqsədiniz, hədəfiniz olmalıdı. Konkret məqsəd dedikdə dəqiq olaraq göz önünə gətirə biləcəyiniz bir məqsəd başa düşülür. Ümumi, abstrakt məqsədlərdən qaçmaq lazımdı. Abstrakt məqsədlər: arıqlamaq, sağlam olmaq, çəki artırmaq. Dəqiq məqsəd isə belə olmalıdı: Bədənimin yağlılıq faizini 6%-ə endirəcəm. Çəkim 65 kilodan 85 kiloya qalxacaq və ya çəkimi 100 kq-dan 75 kq-a salcağam. Konkret hədəfimizi bildikdən sonra bu hədəfə çatmaq üçün konkret plan hazırlamaq lazımdı.

2- Sizin Dəqiq Planınız Yoxdur

Yəqin ki, çox vaxt zallarda rast gəlmisiniz ki, bir nəfər bir hərəkəti qurtarmamış digər hərəkətə keçir. Necə gəldi, kor-koranə şəkildə trenajordan trenajora qaçır. Bir hərəkəti bitirdiyi zaman bu hərəkətdən sonra hansını edəcəyi haqda təsəvvürü olmur. Hansı trenajoru boş gördü və ya həmin an hansı hərəkət ona xoş gəldi onu edir.

Əgər dəqiq hədəfin olması bir xəzinədirsə, plan isə o xəzinəyə gedib çatmaq üçün bir xəritədi. Necə ki, xəritəsiz xəzinəni tapmaq olmaz, eləcə də plansız məqsədə çatmaq olmaz. Dəqiq plan hazırlayın bu plan sizi məqsədinizə aparan yol xəritəsidi.


3- Sizin Qidalanmanız Məşqinizə Uyğun Deyil

Misal üçün deyək ki, siz çəki artırmaq istəyirsiniz. Bunun üçün çox intensiv məşq edirsiniz. Lakin, qidalanmanız normal deyil. Rejimsiz qidalanırsız, lazımi kaloriləri, lazımi qədər zülal, vitaminləri qəbul etmirsiniz. Bu zaman heç bir artımdan söhbət gedə bilməz.


4- Sİz Ən Effektiv Hərəkətləri Etmirsiniz

Baza hərəkətləri dediyimiz bəzi hərəkətlər var ki, əzələ artımı üçün olduqca vacibdir. Bunlar aşağıdakı hərəkətlərdi:

Squat (Ştanqla oturub-durma hərəkəti)
Deadlift (Yerdən ştanqı qaldırma (Stanovaya Tyaqa))
Bench Press (Uzanaraq Sinəyə Jim)
Turnik
Bu hərəkətləri əzələ artımı üçün olduqca effektivdir. Lakin bir şeyi nəzərə alın ki, ən çox zədə yaradan hərəkətlər də bunlardır (Turnik istisna olmaqla). Ona görə də əgər siz bu idmanda yenisinizsə, bel əyriliyi skolioz, lordoz, kifoz və s. problemlər varsa, köməyiniz yoxdursa onda bu hərəkətləri etməyin. Digər hallarda etmək olar lakin maksimum ehtiyatla, yaxşı isinmə hərəkətləri etdikdən sonra, həddən artıq ağır çəki olmadan, hərəkəti yüngül çəkilərlə tam düzgün etməyi öyrəndikdən sonra və ancaq müəllim nəzarəti ilə.


5- Siz İsinmə Hərəkətlərini Etmirsiniz

Bir bilsəniz uğura çatmaq üçün isinmə hərəkətləri nə qədər vacibdir. Əzələləri lazımi qədər qızışdırsanız zədə alma ehtimalı azalır. Zədə aldığınız zaman məşqləri buraxırsınız. Məşq buraxmaq isə geriyə addım deməkdi. Ona görə də irəli getmək istəyirsinizsə zədələrdən qaçının. Zədələrdən qaçınmaq üçün isə isinmə hərəkətlərini edin.


6- Siz Hadisələri Qabaqlamaq İstəyirsiniz

Bəzən bir az inkişaf olan kimi biz elə bilirik ki, biz artıq bodibilderik, biz hamıdan güclüyük. Ona görə də dostlarımızın yanında öyünmək üçün və ya özümüzə nəsə sübut etmək üçün həddən artıq ağır çəkilərə qaçırıq. Misal üçün deyək ki, sizin Bench Press (Sinəyə Jim) hərəkətinizdə maksimum çəki 80 kilodur. Lakin, siz dostlarınızın yanında həvəslənərək 100 kiloqramı sinə üstünə qaldırmaq istəyirsiniz və bu zaman zəda alırsınız. Zədədan sonra isə 3-6 ay məşq edə biməyəciyinizi düşünün. Bu zaman hansı artımdan söhbət gedə bilər?


7- Siz Hərəkətlər Düzgün Etmirsiniz

Əvvəlki bənddə qeyd etdiyimiz kimi yenə də çox vaxt çoxları özlərini daha güclü göstərmək üçün ağır çəkilərdən istifadə etməyə çalışırlar. Lakin çəkiyə gücləri çatmadığı üçün hərəkəri düzgün etmirlər. Bu zaman zədə almaq ehtimalı həddən artıq yüksək olur. Ona görə də hər zaman qaldıra biləcəyiniz çəkilərlə məşq edin və ən əsası hərəkətləri düzgün yerinə yetirin.


8- Siz İşlədiyiniz Çəkilərdə və Təkrarlarda Artım Etmirsiniz

Əgər siz uzun müddət eyni çəkilərlə işləsəniz onda heç bir artımdan söhbət gedə bilməz. Zaman keçdikcə işlədiyiniz çəkilər artmalıdır. Misal üçün siz 3 ay bundan əvvəl 70 kq ilə sinəyə jim hərəkəti edirdiniz indi də 70 kq-la işləyirsiniz. Bu zaman hansı artımdan danışmaq olar? Yavaş-yavaş işlədiyiniz çəkiləri artırmaq lazımdır. Lakin burada önəmli olan yavaş-yavaş məsələsidi. Əgər birdən-birə qabağa qaçmaq istəsəniz zədələnə bilərsiniz. Bu işdə səbrli və təmkinli olmaq lazımdır. Çalışın heç olmasa bir aydan sonra işlədiyiniz çəkiləri artırın. Bunun üçün siz məşqlər arası düzgün qidalanıb istirahət etməlisiniz. Əgər bunu etsəniz təbii olaraq gücünüz artacaq və siz daha artıq qaldıra biləcəksiniz. Yox əgər çəkini artırdığınız zaman çəkini qaldıra bilmirsinizsə onda təkrarların sayını artırın. Misal üçün əgər hər yanaşmada 8 təkrar edirdinizsə 10 təkrar etməyə çalışın. Bir müddət belə məşq edtdikdən sonra yenidən çəkini artırmağa cəhd edin.


9- Siz Lazımi Qədər Dincəlib Bərpa Olunmursunuz

Yadda saxlamaq lazımdı ki, məşq proqramınızdan və məqsədinizdən asılı olmayaraq mütləq bərpa olunmalısınız. Növbəti məşqlərdə normal məşq edə bilmək üçün və ümumiyyətlə artım getməsi üçün barpa prosesi olduqca vacibdir. Boş yerə deyilməyib ki, əzələlər zalda yox biz dincələrkən böyüyür. İstirahət etmək, gün ərzində ən azı 8 saat yatmaq həddən artıq çox önəmlidi.

Ümumi xülasə olaraq yuxarıdakı bəndləri bir daha sadalayaq:

Dəqiq hədəfiniz yoxdu
Dəqiq planınız yoxdu (Dəqiq məşq proqramı, qida proqramı)
Qidalanmanız məşqinizə uyğun deyil
Ən effektiv hərəkətləri emirsiniz
İsinmə hərəkətlərini etmirsiniz
Hadisələri qabaqlamaq istəyirsiniz (Bəzən həddən artıq ağır çəkilərə can atırsınız)
Hərəkətləri yanlış yerinə yetirirsiniz
İşlədiyiniz çəkilərdə artım etmirsiniz
Lazımi qədər dincəlib bərpa olunmursunuz
Bu yuxarıda qeyd olunanları yadda saxlayın və ən əsası tətbiq edin. Onda mütləq artım olacaq.



view 41524
Facebook'da Paylaş
Tweeter'da Paylaş

Növbəti : “Yuxarı Bədən”nın məşqi: Kürək - Çiyin - Trapes

Şərhlər



Guest3017 - 7 ay öncə
1 nci mene aidi